ELM VƏ TƏHSİL
Dəniz Akademiyasının tələbə yataqxanası istifadəyə verilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanası əsaslı təmirdən sonra tələbələrin istifadəsinə verilib. Hazırda yataqxananın fasadının ətraf binaların arxitekturasına uyğunlaşdırılması üçün üzləmə işləri aparılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, yataqxanada əsaslı təmirdən sonra yataq yerlərinin sayı 224-dən 274-ə qədər artırılıb. Yaşayış otaqları ilə yanaşı, hər mərtəbədə oxu zalı və məişət otaqları da tam təmir edilib. Tələbələrin rahatlığı üçün binada hər cür şərait yaradılıb, istilik və su sistemləri, eləcə də yanğın təhlükəsizliyi sistemi yenidən qurulub, yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunub. Qeyd etmək lazımdır ki, rayon qeydiyyatında olan tələbələrlə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan xarici ölkə vətəndaşları da yataqxanada yerləşdirilib.