CƏMİYYƏT


Dəniz Akademiyasının yeni tədris korpusu istifadəyə verilib

A+ A

Bakı, 15 sentyabr, Elvin Camalov, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasının yeni korpusu tələbələrin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən dördmərtəbəli binada Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir işləri görülüb, ərazisi abadlaşdırılıb. Yeni tədris korpusunun foyesində ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən guşə yaradılıb, burada Ulu Öndərin büstü qoyulub. Heydər Əliyev guşəsində toplanan eksponatlar gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Tədris korpusunda 20 auditoriya, o cümlədən kompyuter otağı, geniş akt zalı, 240 nəfərlik yeməkxana təşkil olunub, binanın istilik sistemi yenidən qurulub. Burada təmizlik və səliqə-sahman göz oxşayır. Auditoriyalar internet, proyektor avadanlıqları və əyani vəsaitlərlə tam təmin edilib, müəllimlər üçün də hər cür şərait yaradılıb.

Gəmiçilik sistemində bu tədris ilindən daha bir təhsil müəssisəsi fəaliyyətə başlayır. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dənizçilik Kolleci adlandırılıb. Gəmiçiliyin rəhbərliyi Dənizçilik Kollecinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirib. İndiyə qədər özünün binası olmayan bu kollec üçün Əhmədlidə tədris binası ayrılıb. Bilik gününə qədər bu bina da tam təmir edilərək, sentyabrın 15-də istifadəyə verilib.

Binada 44 tədris otağı, idman zalı, foye və dəhlizlər əsaslı təmirdən çıxıb, ərazidə böyük həcmdə abadlıq işləri görülüb, yeni hasar çəkilib, asfalt döşənib.

Bu gün həm Dəniz Akademiyası, həm də Dənizçilik Kolleci qapılarını tələbələrin üzünə açıb, yeni tədris ilinə artıq start verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.