SİYASƏT


“Dəniz kuboku-2017” müsabiqəsinin şəffaf və yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb VİDEO

Bakı, 1 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC

Bakıda keçiriləcək “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin başlanması ilə bağlı təşkil olunan mətbuat konfransında yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.

Ş.Məmmədov bildirib ki, avqustun 1-dən 11-dək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi təşkil olunacaq. Müsabiqə üç mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçiriləcək. Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim-məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. Artıq yarışda iştirak edəcək komandaların məşqləri olub.

Qeyd edilib ki, müsabiqənin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır. “Dəniz kuboku-2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124”, “G-122” gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasından “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan”, “Cövşən” raket gəmiləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan”, “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək. İştirakçılar üç mərhələdə altı epizoddan ibarət yarışlarda güclərini sınayacaqlar.

Diqqətə çatdırılıb ki, “Dəniz kuboku-2017” beynəlxalq yarışının təntənəli açılış və bağlanış mərasimləri müvafiq olaraq avqustun 1-də və 11-də keçiriləcək.

Rusiya Hərbi Dəniz Donanmasının “Dəniz Kuboku–2017” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov yarışların keçirilməsi üçün yaradılan yüksək səviyyəli şəraitə görə təşəkkürünü bildirib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş yarışlara hazırlığın yüksək səviyyədə olduğunu bildiriblər.

Mətbuat konfransı zamanı iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib. Həmçinin jurnalistlərin iştirakı ilə müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.