ELM VƏ TƏHSİL
“Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir
Bakı, 28 aprel, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültələrinin birgə əməkdaşlığına həsr olunmuş “Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb.
Rektor BDU ilə Tuleyn Universiteti arasındakı əməkdaşlığın, dəniz və enerji hüququ sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışıb.
Əməkdaşlıq çərçivəsində BDU-nun hüquq fakültəsinin iki tələbəsinin Tuleyn Universitetinin hüquq fakültəsində dəniz hüququ və enerji hüququ ixtisası üzrə magistratura pilləsində təhsil aldığını bildirən akademik A.Məhərrəmov bu layihənin reallaşdırılmasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi göstərdiyini diqqətə çatdırıb.
BDU-nun və Tuleyn Universitetinin fəaliyyətindən bəhs edən filmlər nümayiş olunub.
ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin, universitetlər arasında əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib, uğurlar arzulayıb.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və Tuleyn Universitetinin hüquq fakültəsinin dekanı Devid Mayer əməkdaşlıq barədə fikirlərini bildiriblər.
BDU-nun hüquq fakültəsinin Tuleyn Universitetində dəniz və enerji hüququ ixtisası üzrə magistratura pilləsində təhsil almış iki tələbəsinə “ikili diplom” təqdim edilib.
Sonra Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi A.Məhərrəmov və Q.Qurbanov imzalayıblar.
Memorandumda birgə əməkdaşlıq, o cümlədən BDU-nun hüquq fakültəsində dəniz hüququ və enerji hüququ ixtisası üzrə təhsil alan tələbələrin Dövlət Dəniz Administrasiyasında təcrübə keçmələri nəzərdə tutulur.