İQTİSADİYYAT
Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair təlim və hazırlıq kursu keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair hazırlıq kursu keçirilib.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 18-27-də Dövlət Dəniz Administrasiyası Fövqəladə Hallar Nazirliyi ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” üzrə təlim və hazırlıq kursu təşkil edib.
Tvinninq layihəsinin başlıca məqsədi Azərbaycanda dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin olunmasında və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasında beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində ölkəmizə dəvət olunan ispaniyalı mütəxəssislər F.Collado, L.Fernandez və R.Pastor tərəfindən təhlükəli yüklərin daşınmasına dair BMT-nin Tövsiyələri, “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”nin ümumi müddəaları, təhlükəli yüklərin təsnifatı, siyahısı, onlara dair xüsusi müddəalar və istisnalar, fövqəladə hallara qarşı cavab tədbirləri, təhlükəli yüklərin təhlükəsiz daşınmasına dair tövsiyələr və liman ərazisində müvafiq fəaliyyət, Təhlükəsiz konteynerlər üzrə Beynəlxalq Konvensiya, Avropa SAFESEANET sistemi və digər məsələlər ətraflı izah edilib. Həmçinin “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə dair bir sıra praktiki məşğələlər aparılıb.
Təlimlərdə Dövlət Dəniz Administrasiyasının nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınması ilə əlaqədar fəaliyyətə cəlb edilmiş müfəttişləri iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.