İQTİSADİYYAT


Dənizçilər peşə bayramlarını qeyd ediblər  VİDEO

Bakı, 23 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı elan edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivləri iyunun 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının akt zalında tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dənizçiləri peşə bayramı münasibətilə təbrik edib, hər birinə işlərində uğurlar arzulayıblar.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib ki, Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi, dəniz nəqliyyatı sahəsində təhlükəsizliyin artırılması və dəniz mühitinin qorunub saxlanması Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikada iqtisadiyyatın dinamik inkişafı dəniz nəqliyyatı sahəsindən də yan keçməmiş, dəniz nəqliyyatı sahəsinə Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərdə təhlükəsizliyin təmin olunması, gəmilərdən dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyaların tələblərinə ciddi riayət olunması təmin edilib.

Qüdrət Qurbanovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli 1271 nömrəli Sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı və digər təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının həmin sahədə tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi aid edilib.

Məhz dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 10 dekabr 2013-cü il tarixli A.1070(28) nömrəli və A.1105(29) nömrəli Qətnamələrinə əsasən Audit Ekspert Qrupu bu il mayın 28-dən iyunun 6-dək Azərbaycan Respublikasında səfərdə olub. Keçirilmiş audit yoxlaması zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov vurğulayıb ki, audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutması bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan Azərbaycanın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də region dövlətləri ilə yanaşı dünyanın qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə ediləcəyi şübhəsizdir.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Azərbaycan Respublikasının 4 mart 2016-cı il 165-VQ nömrəli Qanunla “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulduğunu və adıçəkilən Konvensiyanın iştirakçı dövlətlərinin iclasında Respublikamızın ilk dəfə təmsil olunduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dəniz nəqliyyatı sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində dənizçilərin fədakar əməklərini əsirgəməyəcəklərinə əminliyini ifadə edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.

R.Vəliyev qeyd edib ki, gəmiçiliyin rəhbərliyi ilk növbədə 5 illik hədəfləri müəyyənləşdirib. Bunlar AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair hədəflərdir.

“Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbər təyin edilməsi ilə iqtisadiyyatımızın bir çox sahələri kimi, neft sənayesində də yeni inkişaf dövrü başlayıb. Həmin dövrdə neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi xeyli sürətlənib. Dənizdə bir-birinin ardınca çoxsaylı neft-qaz yataqlarının, o cümlədən zəngin “Günəşli” yatağının kəşfi məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf edir. Dənizdəki neft-qaz yataqlarının genişmiqyaslı işlənməyə cəlb edilməsi Xəzər Dəniz Neft Donanmasının da imkanlarını xeyli artırıb. 80-ci illərdən başlayaraq dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün daha müasir və güclü gəmilərin tikilməsinə ehtiyac duyulub. Ona görə də 1980-ci ildən bu donanmaya xarici ölkələrdə - Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransada inşa edilmiş gəmilər alınıb. Oxşar proses Xəzər Dəniz Gəmiçiliyində də gedib. Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə keçmiş SSRİ-nin başqa gəmiçiliklərinə verilməyib, Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin şəxsi göstərişi ilə Bakıya gətirilib. Belə faktlar çoxdur. Dənizçilər bunu yaxşı bilir, yüksək qiymətləndirirlər”, - deyə R.Vəliyev vurğulayıb.

Gəmiçiliyə beynəlxalq sertifikatların verilməsi və kredit reytinqinin alınması barədə danışan gəmiçiliyin rəhbəri Rauf Vəliyev deyib ki, “Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirərək müsbət rəy verib, “Fitch Rating” şirkəti ilə gəmiçiliyə kredit reytinqinin alınmasına dair əməkdaşlıq sahəsində uğurlu iş aparılıb.

Rauf Vəliyev Gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb, qarşıda daha əhəmiyyətli vəzifələrin durduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir. Son dövrdə imzalanmış Fərman və Sərəncamlar strateji əhəmiyyət daşıyır. Belə ki, Xəzər Dəniz Gəmiçiliyinin inkişaf istiqamətlərinin müəyyən edilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramının qəbul olunması gəmiçilik qarşısında qlobal vəzifələr qoyur. Bu gün Xəzər regionunda bir sıra irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bu layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması, gəmiçilik üçün yeni hədəflər müəyyənləşdirir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıda duran bütün məqsədlərə nail olmaq və yeni uğurlara imza atmaq üçün tam gücü ilə çalışır.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün gəmiçiliyin donanmasının davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2013-cü ildə açılan Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Gəmilərə ayrılan vəsait 110 milyon dollar təşkil edir.

Həmçinin Rauf Vəliyev son 3 il ərzində17 yeni gəminin alındığını bildirib. Bunlardan 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 ton yükgötürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13,000 tonluq tanker, 3 ədəd təchizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd sərnişin gəmisidir. 17 gəmiyə isə QSC-nin daxili imkanları hesabına 155 milyon dollar sərf olunub.

Beynəlxalq sularda gəmiçiliyin 11 gəmisinin üzdüyünü qeyd edən QSC sədri bir neçə ilə gəmiçiliyin yeni inzibati binasının tikilib istifadəyə veriləcəyini söyləyib.

Mərasimdə “Rusiya Dəniz Registri Azərbaycanda” QSC-nin sədri Şaban Quliyev və başqaları son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və müasir tendensiyalardan danışıb, peşə bayramını qeyd edən dənizçiləri və onların ailələrinin hər bir üzvünü təbrik edib, zəngin təcrübəyə malik Azərbaycan dənizçilərinin onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.

Əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.

Sonda dənizçilərin Azərbaycan Respublikasının Prezidentinə müraciəti səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.