İQTİSADİYYAT
Dənizçilərə mükafatlar təqdim edilib
Bakı, 30 iyul, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin dənizçilərin peşə bayramı ərəfəsində imzaladığı sərəncamlarla dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səkkiz işçisi “Tərəqqi” medalı ilə təltif edilib, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu münasibətlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mükafatların təqdim olunması mərasimi keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, mükafatlara layiq görülən əməkdaşları təbrik edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev dövlətimizin başçısının müvafiq sərəncamlarını bütün kollektivin əməyinə verilən böyük qiymət kimi dəyərləndirib.
R.Vəliyev QSC yaranandan sonra kollektivin həyatında yaddaqalan günlərin az olmadığını, Prezident İlham Əliyevin “Dənizçi günü” peşə bayramının təsis edilməsi, dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektorun təyin olunması haqqında sərəncamlarının sevincini birgə yaşadıqlarını bildirib.
Azərbaycanda dəniz nəqliyyatının inkişafına böyük əhəmiyyət verildiyini vurğulayan R.Vəliyev bu sahədə həyata keçirilən islahatlardan və reallaşdırılan layihələrdən də danışıb.
Sonra dəniz nəqliyyatının inkişafında xidmətlərinə və əməkdə fərqləndiklərinə görə Gəmiçiliyin bir qrup işçisinə “Tərəqqi” medalı, “Donanmanın fəxri işçisi” döş nişanı və fəxri fərmanlar təqdim olunub.