CƏMİYYƏT
Dənizdə meyiti tapılan şəxsin neftçi olduğu təsdiqlənib
Bakı, 22 mart, AZƏRTAC
Həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində martın 20–də dənizdə aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965–ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Bu barədə AZƏRTAC-a Axtarış–Xilasetmə Qərargahından məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.