MƏDƏNİYYƏT
Dənizkənarı Milli Park Yeni ildə paytaxt sakinlərini yeniliklərlə qarşılayacaqdır VİDEO
Bakı, 25 dekabr (AZƏRTAC). Artıq 2013-cü ilin başa çatmasına aylar, həftələr deyil, sadəcə barmaqla sayılası günlər qalmışdır. Hər ötən saatın bizləri 2014-cü ilə bir qədər də yaxınlaşdırmasına baxmayaraq, bu qısa zamanı maraqlı, yaddaqalan keçirmək üçün bu gün paytaxtımızda ciddi işlər görülür.
Bu işlər Bakının əvəzsiz incilərindən biri sayılan, mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtımızın da son 100 illik tarixini özündə yaşadan, onun müasir simasını təşkil edən Dənizkənarı Milli Parkda daha çox diqqəti cəlb edir. Bakı sakinlərinin, eləcə də paytaxtımızın qonaqlarının sevimli istirahət yeri olan bu məkan hər il olduğu kimi, bu dəfə də Yen il münasibətilə xüsusi olaraq bəzədilir.
Dənizkənarı bulvar idarəsi bu il də Yeni il ərəfəsində şəhər sakinlərinin istirahət və əylənməsini təmin etmək məqsədi ilə dekabrın 28-dən yanvarın 2-dək gücləndirilmiş iş rejiminə keçəcəkdir.
Dekabrın 25-dən başlayaraq Dənizkənarı Milli Parkda şam ağaclarının bəzədilməsinə başlanmışdır. Bu proses dekabrın 26-da axşam saatlarında yekunlaşacaqdır.
Dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirmişdir ki, bulvarda 10 ədəd şam ağacının bəzədilməsinə baxmayaraq, ehtiyac yarandığı halda bu ağacların sayının artırılacağı da istisna edilmir.
N.Məcidov yeni ildə bulvar idarəsinin şəhər sakinlərinə daha bir maraqlı sürprizi olacağını da bildirmişdir. Dənizkənarı bulvar idarəsi yeni aldığı gəzinti gəmisini dekabrın 28-də istifadəyə verəcəkdir. 650 nəfərlik oturacaq yeri olan bu gəminin üstünlüyü ondan ibarətdir ki, gəzinti zamanı burada insanlara səyyar qida xidməti də göstəriləcəkdir.
Bulvar idarəsinin yeni il sürprizləri bununla yekunlaşmır. Bu yeniliklərin nədən ibarət olduğunu görmək və bilmək istəyirsinizsə mütləq yolunuzu Dənizkənarı Milli Parkdan salın. Gəzinti zamanı siz burada paytaxtın ən hündür -35 metrlik yolkasını da görəcəkdiniz. Azadlıq meydanında qurulan bu yolkanın hündürlüyü ötənilki ilə müqayisədə 14 metr çoxdur.