MƏDƏNİYYƏT


Dənizkənarı Milli Parkda “Avropa şəhərciyi - 2016” festivalı keçiriləcək

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə birlikdə və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi - 2016” festivalı keçirəcək.

Aİ-nın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbir oktyabrın 1-də Dənizkənarı Milli Parkda təşkil olunacaq.

Bu il Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə bir neçə tədbir çərçivəsində qeyd edir. Tədbirlərdən biri də 2013-cü ildən etibarən ardıcıl olaraq İçərişəhərdə keçirilən “Avropa şəhərciyi”dir.

“Avropa şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək. Belə ki, “Avropa şəhərciyi - 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Festivala gələn qonaqlar “Qaspaço” və “Paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər. “Avropa şəhərciyi - 2016” festivalının səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir. Tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq. Ardınca “Səs Azərbaycan” layihəsinin iştirakçıları öz ifalarını təqdim edəcəklər. Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.

Festivalın proqramı ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkədəki səhifəsindən tanış olmaq olar: https://www.facebook.com/EUDelegationtoAzerbaijan/?fref=ts .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.