İQTİSADİYYAT
Dənizlə sərnişinlərin və onların baqajlarının daşınması zamanı prosedurlar müzakirə olunub
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında (ARDDA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Dənizlə sərnişinlərin və onların baqajlarının daşınması zamanı dəymiş ziyana görə məsuliyyət” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar müddətində dənizlə sərnişinlərin və onların baqajlarının daşınması zamanı icrası vacib olan prosedurlar, bundan irəli gələrək yerli qanunvericilikdə və Beynəlxalq Konvensiyalarda nəzərdə tutulan öhdəliklər barədə geniş məlumat verilib. Seminarda Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə yanaşı, “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC, “Caspian Marine Services” MMC, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası nümayəndələri və Bakı Dövlət Universitetinin dəniz və enerji hüququ fakültəsinin müəllim və magistrantları iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində Azərbaycana dəvət olunan İspan mütəxəssislər — professorlar J.L.Qabaldon və A.Villa, eləcə də kapitan L.Fernandez sərnişinlərin və onların baqajlarının daşınması zamanı sənədləşmə, bağlanılan müqavilələr, bu sahədə tənzimləyici baza rolunu oynayan 1974-cü ildə qəbul olunan Afina Konvensiyası, Avropa Parlamenti və Avropa Şurasının qəzalar zamanı sərnişindaşıyıcılarının məsuliyyətinə dair tənzimləyici sənədi barədə geniş məlumat veriblər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi 2015-ci il noyabrın 16-dan həyata keçirilir. Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialının gücləndirməkdən ibarət olan bu layihə çərçivəsində müvafiq olaraq müxtəlif mövzularda seminarların təşkil olunması nəzərdə tutulur.