SİYASƏT


Denver meri qondarma “DQR”-in təmsil etdiyi şəhər tərəfindən tanınması barədə məlumatları rədd edib

A+ A

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

Bir neçə gün əvvəl erməni mənbələri ABŞ-ın Kolorado ştatının Denver şəhərinin meri Maykl Hənkok tərəfindən imzalanmış, Ermənistanın müstəqillik gününə həsr olunmuş proklamasiyada Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejimə istinad olunaraq, onun Denver şəhəri tərəfindən tanındığı barədə məlumat yayıb.

Oktyabrın 13-də daxil olan məlumatda isə bildirilir ki, mer M.Hənkok məsələyə dair obyektiv informasiya və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlə tanış olduqdan, həmçinin qondarma rejimin dünyada heç bir ölkə, o cümlədən ABŞ tərəfindən tanınmadığını öyrəndikdən sonra həmin proklamasiyanı ləğv edib və onun mətnindən qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı bütün istinadları çıxarıb və yeni variantı imzalayaraq yayıb.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, xarici siyasətə aid məsələlərə dair qərarların verilməsi yalnız federal hakimiyyətin səlahiyyətindədir. Buna baxmayaraq, erməni diasporu və lobbiçiləri ayrı-ayrı ştatlarda, hətta şəhərlərin yerli hakimiyyətlərində onların xarici siyasətlə bağlı kifayət qədər məlumatlı olmadıqlarından yararlanaraq bu kimi təxribatlara əl atma strategiyasını davam etdirir. Erməni yalanı bu dəfə olduğu kimi, əksər hallarda ifşa edilir və həmin sənədlər ya qəbul olunmur, ya da sonradan onların ləğvi ilə bağlı qərar çıxarılır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.