SİYASƏT


Deputat: Azərbaycan Belarus parlamentarilərinin Avronest PA-da iştirakı məsələsində vasitəçi rolunu oynaya bilər

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycanın Avronest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ağalar Vəliyev Avronest PA-nın Belarus üzrə işçi qrupunun iclasında iştirak etmək üçün iyunun 28-də Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

AZƏRTAC xəbər verir ki, iclas zamanı Belarus deputatlarının Avronest PA-da tamhüquqlu üzv kimi iştirakı, Belarusun Bolonya sistemi ilə bağlı apardığı islahatlar və ölkədəki miqrasiya siyasəti məsələləri müzakirə edilib.

İclasda çıxış edən Ağalar Vəliyev Avronest PA-nın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı ilə münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, bu münasibətlərin bütün üzvlər arasında bərabərhüquqlu münasibətlərə əsaslanaraq qurulduğunu qeyd edib. Azərbaycanlı parlamentari Avronest PA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün təcrid yox, siyasi inteqrasiya üçün platforma olduğunu, təcridin heç vaxt uğur gətirmədiyini, əksinə, vəziyyəti daha da pisləşdirdiyini bildirib. Avronest PA-nın 6 ildir yarandığını və Belarus üzrə işçi qrupunda eyni məsələlərin dəfələrlə təkrar müzakirə edildiyini, ortada heç bir nəticə olmadığını diqqətə çatdıran Ağalar Vəliyev Azərbaycan və Belarus xalqları, hökumətləri arasında tarixi dostluq və əməkdaşlığın olduğunu, bunun hər iki ölkənin müstəqillik qazandıqdan sonra daha yaxşı inkişaf etdiyini bildirib.

A.Vəliyev Milli Məclisdə Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü kimi mütəmadi olaraq Belarusda səfərdə olduğunu və müxtəlif sahənin təmsilçiləri ilə yüksək səviyyəli görüşlər keçirdiyini qeyd edib. Deputat Azərbaycanın Belarus parlamentinin üzvlərinin Avronest PA-da iştirakı məsələsində vasitəçi rolunu oynaya biləcəyini deyib. O, Avronest PA-nın əgər arzu edərsə, bu imkandan istifadə edə biləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.