ELM VƏ TƏHSİL
“Dərbənd xalçaçılığı” monoqrafiyası nəşr olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Professor Vidadi Muradov və Rusiya Elmlər Akademiyası (REA) Dağıstan Elmi Mərkəzinin əməkdaşı, professor Məhəmmədxan Məhəmmədxanovun həmmüəllifi olduqları “Dərbənd xalçaçılığı” monoqrafiyası nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, UNESCO-nun mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrası tərəfindən dəstəklənən əsərin redaksiya heyətinə Azərbaycanın və Dağıstanın görkəmli alimləri daxildirlər.
Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi təsdiq olunan kitab AMEA, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən birgə həyata keçirilən “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri əsasında işıq üzü görüb. Əsər Dərbəndin və ətraf bölgələrin etno-mədəni mənzərəsi, burada yaşayan əhalinin əsas məşğuliyyət sahələri haqqında oçerklərlə başlayır. Tədqiqatda Dərbənd xalçaçılığının tarixinin və müasir vəziyyətinin, onun yayılma arealının, toxunma texnologiyasının, bədii və ornamental-semantik xüsusiyyətlərinin öyrənilməsi əsas yer tutur.
Monoqrafiyanın xüsusi bölməsində Dərbənd xalçalarını yaradan və realizə edən boyaqçılar, toxucular, xalça tacirləri haqqında illüstrativ materiallar təqdim olunub. Dərbənd xalçaları haqqında ətraflı təsəvvür yaratmaq məqsədilə dünya muzeylərində, o cümlədən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Dağıstanın R.Həmzətov adına Təsviri Sənətlər Muzeyində, “Azər-İlmə“nin “Sehrli ilmələr” qalereyasında, Chiristies, Sotheby’s, Rippon Boswell kimi hərracların fondunda, şəxsi kolleksiyalarda mühafizə olunan nadir xalçaların fotoşəkillərinə və onlar haqqında məlumatlara geniş yer ayrılıb. Tədqiqata beynəlxalq qiymətləndirmə standartlarına müvafiq olaraq qədim Dərbənd xalçalarının indeksasiyası da daxil edilib.
Kitab Dərbənd xalçaçılığına, Azərbaycan-Dağıstan tarixi-mədəni əlaqələrinə maraq göstərənlər, xalçaçılıq və digər tətbiqi-sənət sahələri üzrə ixtisaslaşan ali və orta ixtisas məktəblərinin şagirdləri, tələbələri, xalçaçılığa dair məlumat almaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.