ELM VƏ TƏHSİL
Dərman preparatlarının içlik vərəqələri Azərbaycan dilinin qaydalarına uyğun hazırlanmalıdır
Ölkəyə idxal edilən ərzaq, dərman, məişət və digər malların üzərində Azərbaycan dilində yazılar verilməlidir. Həmçinin, bu yazılar ədəbi dilimizin qaydalarına uyğun olmalıdır.
Bu fikirlər oktyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dərman preparatlarının dilinin monitorinqinin nəticələri ilə bağlı keçirilən müzakirədə səsləndirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm ocağının direktoru, akademik Tofiq Hacıyev monitorinqin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq keçirildiyini qeyd edib, dərman preparatlarının içlik vərəqələrinin nəticələri barədə danışıb.
Bildirilib ki, Səhiyyə Nazirliyi bu sahədə xeyli faydalı işlər görür, ancaq hələ də dərman içliklərində kifayət qədər dil qüsurları vardır. Həmin qüsurların leksik, qrammatik, həm də üslubi səviyyələrdə müşahidə olunduğunu diqqətə çatdıran akademik problemin həlli ilə bağlı bir sıra işlərin görülməli olduğunu söyləyib.
Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının dilinin həddindən artıq ağırlığını və qeyri-praktikliyini, onların terminlərlə çox yüklənməsini, yersiz təkrarlara, dolaşıq cümlələrə yol verildiyini qeyd edərək, bunun daha çox uğursuz tərcümə ilə bağlı olduğunu diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin “Farmakoloji və Farmakopeya” şurasının əməkdaşları - tibb elmləri namizədi İbrahim Rəhimov və Fatimə Hüseynova təmsil etdikləri qurumun bu istiqamətdə gördüyü sistemli işlər barədə məlumat verərək müzakirə olunan problemə öz münasibətlərini bildiriblər.
Müzakirələrdə Səhiyyə Nazirliyi ilə Dilçilik İnstitutunun mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.