İQTİSADİYYAT
Dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olanlar ƏDV və mənfəət vergisinin ödəyiciləridir
Bakı, 27 iyul, Ramiz Quliyev, AZƏRTAC
Dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin (VM) 159.8-ci maddəsinə əsasən, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” 5 aprel 2016-cı il tarixli 5 nömrəli qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdansatış və pərakəndə satış qiymətləri ƏDV ilə təsdiq edilib.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri ƏDV ilə birlikdə təsdiq edildiyindən dərman vasitələrinin pərakəndə satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Həmin şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaqla ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.