ELM VƏ TƏHSİL
Dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqi aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ölkəmizə idxal edilən dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqinin ilkin mərhələsini sona çatdırıb.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Praqramı”na uyğun olaraq aparılan monitorinqdə yüzdən artıq dərman və dərman preparatının izahedici vərəqləri nəzərdən keçirilib.
Dilçilik İnstitutunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqin nəticələrinə dair hesabatda Səhiyyə Nazirliyinin Farmokoloji və Farmokopeya Şurası tərəfindən dərman içliklərinin ana dilimizə tərcümə edildiyi qeyd edilir. Bu müsbət hadisələr də istifadəçilərin maraqlarına uyğundur. Ancaq bununla belə aparılmış monitorinqlər nəticəsində həmin sənədlərin dilində bir çox çatışmazlıqlar, o cümlədən ədəbi normadan yayınmalar üzə çıxarılıb.
Dərmanların istifadəçi üçün nəzərdə tutulan izahedici vərəqlərin vahid strukturu yoxdur və burada sistemsizlik özünü göstərir. Bir çox mətnlərin dili anlaşıqlı deyil, əksər dərman və dərman preparatlarının istifadə qaydaları izah edilərkən terminlərdən hədsiz istifadə olunduğundan mətnlər anlaşılmaz hala düşür. Digər tərəfdən, tərcümənin keyfiyyətsizliyi səbəbindən də çoxlu sayda leksik, qrammatik və üslubi nöqsanlar meydana çıxır.
Dövlət Proqramına uyğun olaraq, Dilçilik İnstitutunun əməkdaşları hazırda teleradio verilişlərinin, həmçinin Bakı şəhərinin bir neçə rayonunda küçə adları, afişa və küçə reklamlarının dili ilə bağlı monitorinqlərə başlayıblar.