MƏDƏNİYYƏT
“Dərs” bədii filmi kinoteatrlarda nümayiş olunacaq
Bakı, 7 mart, AZƏRTAC
Rafiq Əliyev və Cavid Təvəkkülün ekranlaşdırdıqları “Dərs” bədii filminin martın 9-dan kinoteatrlarda nümayişinə başlanılır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində təqdim olunacaq ekran əsərinin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında reallaşıb. Bundan başqa, ekran əsəri bir sıra beynəlxalq film müsabiqələrində yer tutub.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.