MƏDƏNİYYƏT


“Dərs” filmi “Kinoşok” beynəlxalq film festivalında

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” müsabiqə proqramında yer alıb. MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival sentyabrın 3-dən 10-dək Rusiyada keçiriləcək.

“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.