CƏMİYYƏT


Dərsliklərin elmi-metodik monitorinqi aparılıb

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, 2012-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə: 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb. Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII sinif dərslik dəstləri ilə bağlı daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib.

Dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər dörd il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimaiyyətə təqdim edilməsi üçün 2013-cü ildə “Dərslik portalı” (http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər http://derslik.edu.az/monitoring/level4/ internet resursunda yerləşdirilib. Portaldan indiyədək 1 milyon 275 min 678 dəfə istifadə edilib, 2 min 332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildirib. Müəllimlər dərsliklərin yeni nəşrinə qədər tədris prosesində portaldakı materiallardan istifadə edə bilirlər. Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm də iradların aradan qaldırılması yolları və düzgün variantları göstərilib. Həmçinin müəllimlər tədris prosesində dərsliklərdə rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya bilirlər. Həmin suallar dərslik müəllifləri və ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi aparılır.

Dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik dəstlərinə dair yekun rəylərə də mütəmadi cavab verirlər və onların cavabları portalda yerləşdirilir. Belə ki, bu günlərdə IV sinif dərslik dəstlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.