DÜNYA
Devid Kemeron: Krallığı bölünmək təhlükəsindən yalnız onun partiyasının qələbəsi xilas edə bilər
Bakı, 28 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Devid Kemeronun sözlərinə görə, yalnız onun Mühafizəkar Partiyasının qələbəsi ölkəni Krallığı bölməyə çalışan şotland millətçilərinin təhlükəsindən qoruya bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Devid Kemeron Şotland Milliyətçi Partiyasının dəstəklədiyi Ed Milibendin Leyborist Partiyasının hakimiyyətə gələcəyi təqdirdə Böyük Britaniyada növbəti beş ildə xaos hökm sürəcəyini bildirib.
Sosioloji sorğunun nəticələrinə görə, mayın 7-də keçiriləcək seçkilərdə nə mühafizəkarlar, nə də leyboristlər parlamentdə çoxluq qazana bilməyəcək. Bu halda ölkəni idarə etməyə imkan verən stabil çoxluq Şotland Milliyətçi Partiyasının iştirakı ilə qurula bilər. Proqnozlara əsasən, onlar Britaniya parlamentində sayına görə üçüncü fraksiya olmalıdır.
Devid Kemeron qeyd edib ki, onun tam qələbə qazanmaq və Birləşmiş Krallığı xilas etmək üçün cəmi 10 gün vaxtı qalıb.