REGİONLAR
“Dəyirmi masa”da birinci Avropa Oyunlarının tarixi əhəmiyyətindən bəhs olunub
Astara, 29 iyul, AZƏRTAC
Astara şəhərindəki Gənclər Evində “Bakı-2015” birinci Avropa Oyunlarının tarixi əhəmiyyəti. Uğurlar və nəticələr” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Astara Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara Pedoqoji Kollecinin və şəhərin tam orta məktəblərinin gənc müəllimləri iştirak ediblər.
“Dəyirmi masa”da mövzu ilə bağlı çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev Bakıda keçirilən birinci Avropa Oyunlarının tarixi əhəmiyyətindən söhbət açaraq bildirib ki, Azərbaycanın Avropa Oyunlarındakı qələbəsi təkcə idmançıların deyil, həm də dövlətçiliyimizin, xalqımızın qələbəsidir.
Qeyd olunub ki, Azərbaycan ilk Avropa Oyunlarını təşkil edən ölkə kimi tarixə düşüb. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirakı ilə keçirilən birinci Avropa Oyunları, həm də komandamızın uğurlu çıxışı ilə yadda qaldı. Azərbaycan yığması qitənin güclü idman dövlətlərini qabaqlayaraq 56 medalla ümumi komanda hesabında yalnız Rusiyadan geri qaldı.
Bildirildi ki, Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə həm də öz işıqlı gələcəyi üçün əsaslı zəmin yaratmış oldu.
Tədbirdə çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Diskussiya şəklində davam edən “dəyirmi masa”da gəncləri maraqlandıran suallar cavablandırılıb.