CƏMİYYƏT
Diabet gənc qadınlarda infarkt riskini artırır
Bakı, 5 sentyabr, AZƏRTAC
Ürək və damar xəstəliklərindən əsasən yaşlaşmış adamlar əziyyət çəkirlər, amma son vaxtlar cinsindən asılı olmayaraq gənclərdə bu xəstəliklərə getdikcə daha çox təsadüf olunur. Ürək tutmalarının 1 faizə qədəri gənc qadınların payına düşür. Diabet gənc qadınlarda infarkt riskini artıran əsas amillərdən biridir. AZƏRTAC “The Hindustan Times”ə istinadla xəbər verir ki, Hindistan Kardiologiya İnstitutunun tədqiqatçıları 21-45 yaş arasında olan 7386 qadının məlumatlarını öyrənərək və infarkt riskinə təsir göstərən amilləri tədqiq edərək bu qənaətə gəliblər.
Tədqiqatın nəticələrinə görə, 5 klassik risk faktorundan 4-ü gənc qadınlarda infarktla bağlı olub. Şəkərli diabet infarkt riskini 6 dəfə artırır. Arterial hipertoniya ürək tutmasını 4 dəfə, hiperxolesterinemiya 3 dəfə, siqaret çəkmək isə 1,6 dəfə yüksəldir. Gənc qadınlar arasında siqaret çəkmək digər yaş qruplarından olan qadınlara nisbətən daha geniş yayılıb. Odur ki, onlarda məhz siqaret çəkmək bu riskə daha güclü təsir göstərib.
Bir neçə amil birləşəndə də risk dəfələrlə artır. Amma alimlər bədən kütləsi indeksi (piylənmə dərəcəsini müəyyən edən formul) və infarkt arasında əhəmiyyətli korrelyasiya aşkar etməyiblər.