CƏMİYYƏT
Diabetdən əziyyət çəkən 90 uşaq insulin pompası ilə təmin edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Onun sözlərinə görə, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 737 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.
Şöbə müdiri qeyd edib ki, genişmiqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin edilməsi nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunub.