İDMAN
Diabetli velosipedçilərin ilk peşəkar komandası “Team Novo Nordisk” yenidən Azərbaycana gəlib
Bakı, 5 may, AZƏRTAC
Diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda – ABŞ-ın “Team Novo Nordisk” kollektivi mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirak etmək üçün ölkəmizə gəlib.
AZƏRTAC xəbər verir ki, “Team Novo Nordisk” komandası keçən il də “Tour d’Azerbaïdjan” veloyürüşündə mübarizə aparmışdı.
“Novo Nordisk” şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə diabetli gənc insanların diabetin səviyyəsini yaxşı saxlamaqla nəyə qadir olduqlarını göstərmək məqsədilə komandaya dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 10-da veloturun finiş xəttinin yaxınlığında “Novo Nordisk”in çadırı qurulacaq. Burada diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün komandanın üzvləri ilə diabetli gənclərin görüşü də keçiriləcək. Görüşdə diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.
“Novo Nordisk” şirkəti “Diabetə qalib gələrək yaşamaq” layihəsi ilə bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara dəstəyini ifadə edir. “Novo Nordisk” diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, 90 illik tarixə malik tanınmış şirkətdir.