ELM VƏ TƏHSİL
Diaqnostik qiymətləndirilmədən keçmiş müəllimlərin maaşları müəyyənləşib
Bakı, 15 iyul, AZƏRTAC
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri”ni təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə imzalayıb. Qərara əsasən, “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.
Pedaqoji stajı 3 ildən 18 ilədək olan ali təhsilli müəllimlərin bir stavka dərs yükü 18 saat olmaqla aylıq vəzifə maaşı onların iş stajlarına müvafiq olaraq 350-450 manat arasında müəyyənləşib.
Müvafiq qaydada, orta ixtisas təhsilli müəllimlərin maaşı isə 320-385 manat arasında müəyyən edilib.
Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.
Bu qərar 2016-cı il aprelin 1-dən qüvvəyə minir.
Ətraflı məlumatı http://www.cabmin.gov.az/?/az/pressreliz/view/1949/ linkindən əldə etmək olar.