SİYASƏT
Diaspor rəhbəri beynəlxalq festivalın münsiflər heyətində Azərbaycanı təmsil edib
Bakı, 11 may, AZƏRTAC
İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, soydaşımız dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib. Festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb.
Bundan başqa, diaspor rəhbəri Mais Nuriyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Beynəlxalq Mədəniyyət Forumunda iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb. Soydaşımız Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Bişkek Xoreoqrafiya Akademiyasında dünya xalq rəqslərinə quruluş verib və ustad dərsləri deyib. O, təşkilatçıların istəyi ilə Azərbaycan xalq rəqslərinin tarixi, milli bayramlarımız, adət-ənənələrimiz, milli geyimlərimiz, folklor rəqsləri barədə mühazirə deyib.
On beş ilə yaxındır Milanda yaşayan Mais Nuriyev “Aida” və “Orizon” Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur. O, İtaliyada və digər ölkələrdə bir sıra əsərlərə xoreoqrafik quruluş verib. Məşhur bəstəkarımız Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar onun “Qarabağ Azərbaycanın incisidir” əsəri əsasında yaradılan "Qarabağ" kompozisiyası və Xocalıya həsr olunan “Qarabağ - İtaliyaya yaxın və uzaq” Mais Nuriyev uğurlu işləri sırasındadır.