MƏDƏNİYYƏT


Diaspor rəhbəri və tanınmış idmançı haqqında kitabın təqdimatı olub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC 

Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov haqqında kitabın təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İradə Əliyevanın “Natiq Bağırov - idman onun həyatıdır” adlı miniatür kitabı Belarus Respublikasının Milli Kitabxanasında ictimaiyyətə təqdim olunub.

Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahovanın aparıcılıq etdiyi təqdimat mərasimində Belarusun Azərbaycandakı birinci səfiri Nikolay Patskeviç, əməkdar idman ustası Vladimir Yaprinçev və başqaları çıxış ediblər.

Çıxış edənlər sambo və cüdo üzrə dörd dəfə dünya, beş dəfə Avropa çempionu, Belarusun əməkdar idman ustası Natiq Bağırovun idmançı karyerasından, bu ölkədə idmanın inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxışlarda idmanda qazandığı uğurlarla yanaşı, N.Bağırovun diaspor sahəsindəki fəaliyyətindən də bəhs edilib. Qeyd olunub ki, Minskdə yaşayan soydaşımız 30 ilə yaxındır həm idmançı, həm də diaspor rəhbəri kimi Azərbaycanı tanıdır və təbliğ edir. Tədbirin sonunda “Sarı gəlin” rəqs qrupu çıxış edib.

Bakıda anadan olan 53 yaşlı idmançı Belarus İdman Komitəsinin dəvəti ilə 1987-ci ildə Minskə köçüb və orada idmançı, məşqçi kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə İtaliyada və Xorvatiyada da çalışan idman ustası hazırda Belarusun cüdo üzrə milli komandasına rəhbərlik edir.

Eyni zamanda, diaspor sahəsində də fəaliyyət göstərən N.Bağırov 1997-ci ildə Minskdə “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri seçilib. O, 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.