SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 30 dekabr, AZƏRATC
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və xaricdə fəaliyyət göstərən bir sıra diaspor təşkilatlarının nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dekabrın 30-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Jurnalistlərə müsahibəsində Nazim İbrahimov Ümummilli Liderin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, bu, önəmli gündür və dünya azərbaycanlılarının həmrəyliyində, birliyində çox mühüm rol oynayır. İllər keçdikcə biz Ulu Öndərin bu addımının nə qədər müdrik bir addım olduğunu görürük.
Komitə sədri deyib ki, dünyada yaşayan azərbaycanlılar bir-biriləri ilə mütəmadi əlaqə saxlayır, bütün məsələlərdə bir yerdə olurlar. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onlar böyük işlər görürlər, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər. Onlar çalışırlar ki, gələcəkdə dünya azərbaycanlılarının həmrəyliyi daha yüksək səviyyəyə çatsın və Azərbaycanın əsl elçilərinə çevrilsinlər.
Azərbaycanlı iş adamlarının forumu ilə bağlı suala cavabında komitə sədri bunun çox gözəl bir ideya olduğunu deyib. O deyib ki, forumda iştirak etmək üçün çoxlu sayda müraciətlər edildi. Ona görə də bu tədbirin gələcəkdə geniş səviyyədə keçirilməsi qərara alındı.
Nazim İbrahimov qeyd edib ki, bu gün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması prosesi uğurla davam edir. Təşkilatlar qurulur, müxtəlif mərkəzlər yaradılır. Bu məsələ Prezidentin xüsusi diqqət mərkəzindədir. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman böyük diqqət və qayğı göstərir.