SİYASƏT
Didiye Reynders: Azərbaycan-Belçika əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir
Bakı, 21 fevral, AZƏRTAC
Ötən 25 il ərzində Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələr müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir.
Bu fikir Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didiye Reyndersin Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar xalqımıza təbrik məktubunda yer alıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Azərbaycanın keçmiş sovet respublikaları içərisində Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğunu qeyd edib. O, ötən 25 il ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlər səviyyəndə mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında siyasi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Belçika xalqına təbrik məktubunda isə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoqun mövcudluğu vurğulanıb. Fevralın 6-da Belçika Krallığına yüksək səviyyəli səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kral Filip arasında keçirilmiş görüşün buna bariz nümunə olduğu diqqətə çatdırılıb.
Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğunu qeyd edib. O, həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.