REGİONLAR
Dil millətin maddi-mənəvi irsini qoruyan ən mühüm vasitədir
Naxçıvan, 21 fevral, AZƏRTAC
Dil millətin maddi-mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli, onu qorumalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib.
Ana dilinin hər bir xalqın həyatındakı rolundan danışan Saleh Məhərrəmov vurğulayıb ki, dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir.
Universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Qənirə Əsgərova “Azərbaycan dilinin təsir dairəsi” adlı məruzəsində qeyd edib ki, müxtəlif tarixi proseslər nəticəsində xalqların dilləri yaxınlaşıb, sözlər bir dildən başqa dilə keçib.
Qənirə Əsgərova hazırda dünya dillərində işlənən Azərbaycan mənşəli sözləri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi, filologiya elmləri doktoru Sədaqət Həsənova “Dilimiz milli sərvətimizdir” adlı məruzəsində müasir dövrümüzdə teleradio verilişlərində, qəzet və jurnallarda yol verilən ciddi sintaktik, üslub və yazı səhvlərindən söz açaraq, belə halların aradan qaldırılması istiqamətində əməli tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Qalibə Hacıyeva da mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi isə Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.