ELM VƏ TƏHSİL
“Dil və mədəniyyət” mövzusunda respublika elmi-praktik konfransı başa çatıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) keçirilən “Dil və mədəniyyət” mövzusunda respublika elmi-praktik konfrans işini başa çatdırıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, yekun iclasda universitetin elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov bölmə rəhbərlərinin hesabatlarının vaxtında təqdim olunduğunu deyərək onların işini yüksək qiymətləndirib. O, konfransın işində ölkəmizin müxtəlif ali məktəblərinin, eləcə də Bakı şəhərindəki orta məktəblərin xarici dil müəllimlərinin bu sahədəki son nailiyyətləri və perspektivləri ilə bağlı fikir və mülahizələrini ADU-nun əməkdaşları ilə bölüşməsi nəticəsində nəzəri və praktiki əhəmiyyətə malik, maraqlı bir elmi diskussiya həyata keçirildiyini bildirib.
Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib, statistik məlumatlar açıqlanıb, konfransın yekun sənədi qəbul edilib. Respublikada xarici dillərin tədrisinin həm keyfiyyətcə yaxşılaşdırılması, həm də səmərəli və yeni metodların tətbiqinə nail olmaqla, orta və ali məktəblərdə bu sahənin daha da inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Dinlənilmiş ən yaxşı məruzələrin seçilərək universitetin jurnallarında çap olunacağı qeyd olunub.
ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov dinlənilən məruzələrin mövzusunun vacibliyindən danışaraq, bu ali təhsil müəssisəsində yaradılan elmi mühitə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, iki gün davam edən konfransda respublikanın 20-dək ali təhsil müəssisəsi və orta məktəbindən müxtəlif mövzular üzrə 130-adək məruzə dinlənilib, müzakirələr aparılıb.