ELM VƏ TƏHSİL
Dilçilik İnstitutu İsmayıllıda ədəbi dilin düzgün tətbiqi ilə bağlı monitorinq keçirir
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları küçə adları, reklam, afişa və elanlarda, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək üçün İsmayıllı rayonunda növbəti monitorinqə başlayıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monitorinq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi məqsədilə aparılır.
İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Dövlət Proqramının həyata keçirilməsi, İsmayıllı rayonunda dil situasiyası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
İşçi qrupu rayon ərazisində on gün müddətində monitorinq keçirməyi planlaşdırır.
Qeyd edək ki, Dövlət Proqramından irəli sürülən müddəaların reallaşdırılmasını izləmək üçün Nəsimi adına Dilçilik İnstitutunda ayrıca monitorinq şöbəsi yaradılıb. Şöbə paytaxtda, ölkənin iri şəhərlərində və bölgələrdə Azərbaycan dilinin tətbiqi proseslərini izləyir, nöqsanları təhlil edir, bununla bağlı tövsiyələr hazırlayır və bu barədə müvafiq dövlət qurumlarına hesabatlar təqdim edir.