ELM VƏ TEXNOLOGİYA


“Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” kitabı ingilis dilində nəşr olunub

A+ A

Bakı, 4 oktyabr AZƏRTAC 

Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyevanın “Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” kitabı ingilis dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, monoqrafiya xarici dillərin tədrisində spesifik xüsusiyyətlərin öyrənilməsinə həsr edilib. Bu, təkcə izahın təsvir, analiz, ərizə-təsnifat yolları ilə deyil, bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə araşdırılması, qlobal dünyada çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişafının nəzərə alınması və digər məsələləri özündə ehtiva edir.

Monoqrafiya ingilis dili müəllimləri, dilçi alimlər, aspirantlar, tələbələr, həmçinin pedaqogika, psixologiya, leksikologiya, sosial linqvistika, məntiq, region ədəbiyyatı ilə məşğul olan mütəxəssislər üçün mükəmməl vəsaitdir. Kitab, eyni zamanda, qloballaşma prosesində çoxmədəniyyətli kommunikasiyanın və onun milli dilə, mədəniyyətə, şüura təsiri ilə maraqlananlar üçün nəzərdə tutulur.

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edir ki, “Dilin, milli şüurun və mədəniyyətin qloballaşma vasitəsilə sinergetikası” monoqrafiyasının oxucuları bu sahədə onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Professor Nigar Vəliyeva innovativ araşdırma metodlarından istifadə edərək müasir dünya elmində qlobal dəyərləri tədqiq etmək imkanı yaradır. Müəllif, həmçinin Azərbaycanın dinamik inkişafı, dünyada yeri, mədəniyyəti, dili, adət-ənənələri, yaradıcı potensialı haqqında müqayisələri oxuculara təqdim edib.

Monoqrafiyada “Dil və mədəniyyətin qədim və yeni körpüləri haqqında fikirlər”, “Qloballaşma. Bu nə deməkdir?”, “Qlobal ingilis dili”, “Mədəni qloballaşma”, “Ədəbi dilin problemi”, “Çoxmədəniyyətli kommunikasiya”, “Kütləvi medianın xarici dilin öyrənilməsi prosesinə böyük təsiri” və digər mövzular yer alıb.

Professor Nigar Vəliyeva 200-dən çox elmi işin, 12 monoqrafiyanın müəllifidir. Onun elmi məqalələri ABŞ, Rusiya, Braziliya, Polşa, Rumıniya, Fransa, Kanada və digər ölkələrdə, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq elmi jurnallarında çap olunub.

Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistika Cəmiyyətinin üzvüdür. O, Azərbaycan leksikoqrafiyası tarixində ilk dəfə olaraq Azərbaycan-Rus frazeoloji lüğətini hazırlayıb. Lüğətdə 90 mindən çox idiomun izahı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.