ELM VƏ TƏHSİL
Dillər Universitetində Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olunub
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Çin əlaqələri: tarix, müasirlik, perspektivlər” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov ölkələrimiz arasında əlaqələrin inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib, ümummilli lider Heydər Əliyevin Çinə çoxşaxəli əməkdaşlığımızın təməlini qoyan tarixi səfərindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Azərbaycanın beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, professor Həsən Əlibəyli ölkəmizin müstəqil xarici siyasətinin strateji istiqamətindən, Şərq ölkələri ilə respublikamızın qonşuluq və qarşılıqlı faydalı münasibətlərinin inkişaf xüsusiyyətlərindən söz açıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov Azərbaycanın milli maraqlarının təmin edilməsi, onun qlobal və regional mövqelərinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətinin prioritetləri barədə danışıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ölkələri və tarixi şöbəsinin rəhbəri Fərda Əsədov Çin ilə Ərəb xilafəti və türk tayfaları arasındakı münasibətləri müəyyənləşdirən əsas amillər, Böyük İpək Yolunun Yaxın Şərq xalqlarının Çin ilə tanışlığında rolundan bəhs edib.
Çinin Azərbaycandakı səfirliyinin müşaviri Li Tzinsunun da iştirak etdiyi seminarda Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə bağlı videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarına ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2013 illər)” kitabı hədiyyə edilib.