ELM VƏ TƏHSİL
Dillər Universitetində Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunda Azərbaycan-Çin linqvokulturoloji düşərgəsi fəaliyyətə başlayıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, düşərgə Çinin müxtəlif bölgələrindən olan həmyaşıdları ilə ünsiyyətdə olmaq və Çin dili biliklərini yaxşılaşdırmaq istəyən yeniyetmələr üçün nəzərdə tutulub. Düşərgədə Çin dili və xəttatlığının öyrənilməsi, Çin mədəniyyəti, incəsənəti və adət-ənənələri ilə tanışlığa xidmət etməklə yanaşı, yeniyetmələrə müxtəlif tədbir və müsabiqələrdə özünü sınamaq, yeni dostlar qazanmaq imkanı var. Burada yeniyetmələr üçün Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyalar, eləcə də mədəni-əyləncəli tədbirlər təşkil olunur. Düşərgə iştirakçıları Çin rəssamlığı, kağızkəsmə sənəti, çay mərasimlərinin keçirilməsi üzrə dərslərə qatılır, Çinin ənənəvi madzyan oyununda bir-biri ilə yarışırlar.
Düşərgə iştirakçıları ilə görüşən ADU-nun rektoru, akademik Kamal Abdulla yeni çinli dostlarımızın öz həmyaşıdlarına qədim zamanlardan bəri Çin ilə sıx bağlı olan Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verəcəklərinə ümidvar olduğunu bildirib.
Görüşdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.
Düşərgənin fəaliyyəti çərçivəsində Dəniz Gününə həsr olunmuş “Azərbaycan və XXI əsrin Dəniz İpək Yolu” mövzusunda tədbir də təşkil edilib. Bu bayram Çinin görkəmli səyyahı və diplomatı Çjen Xenin böyük dəniz hərbi-ticarət ekspedisiyalarının şərəfinə təsis olunub.
Düşərgə müəllimləri Xaçmazda keçirilən İkinci Beynəlxalq Dolma Festivalına qatılıb, burada Çinin düyü və bambuk yarpaqlarından hazırlanan, milli yeməyi olan “tsunzi”ni və çay mərasimi sənətini nümayiş etdiriblər.
İştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.