ELM VƏ TƏHSİL
Dillər Universitetində “Azərbaycan müstəqillik dövründə - 25” kitabının təqdimatı olub
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan müstəqillik dövründə - 25” dərs vəsaitinin təqdimatı olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva kitabda ölkəmizin son 25 illik tarixi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı məlumatların yer aldığını söyləyib. Rəhbərlik etdiyi kafedranın əməkdaşlarının elm və təhsil sahəsində müxtəlif kitabların müəllifləri olduqlarını deyən Ə.Abdiyeva vurğulayıb ki, bu dərs vəsaiti də tələbələr üçün əhəmiyyətli mənbə rolunu oynayacaq.
Tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev universitetin sosial elmlər kafedrasının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ərsəyə gələn nəşrin ideya müəllifi, tarix üzrə fəlsəfə doktoru Xatirə Hacıyevanın təşəbbüsünü yüksək dəyərləndirib, müəlliflərə minnətdarlığını bildirib. Universitetin fəaliyyətində bu kafedranın özünəməxsus yeri olduğunu deyən prorektor əməkdaşlara işlərində uğurlar arzulayıb, onların bundan sonra da uğurlu layihələr həyata keçirəcəklərinə əminliyini ifadə edib.
Digər çıxış edənlər kitabın Azərbaycanın müstəqillik dövrünü öyrənmək istəyən müxtəlif oxucu kütləsi üçün nəzərdə tutulduğunu vurğulayıblar. Qeyd edilib ki, nəşr ölkəmizdə 25 il ərzində əldə edilən nailiyyətləri kompleks şəkildə oxucuya çatdırmaq iqtidarındadır. Kitab istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Elmi redaktoru dosent Ədalət Abdiyeva, rəyçiləri professor Mehriban Abbasova və professor Xanməmməd İbrahimov olan dərs vəsaiti Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsindən, onun parlamentinin fəaliyyətindən, dövlət rəmzlərindən, multikulturalizm və gender siyasətindən, həmçinin təhsil, turizm, sahibkarlıq, kənd təsərrüfatı və digər sahələrin inkişafından bəhs edir.