ELM VƏ TƏHSİL
Dillər Universitetində Azərbaycanda stolüstü tennisin inkişaf perspektivlərindən danışılıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Səbuhi Mehdizadə və stolüstü tennis üzrə milli komandanın baş məşqçisi Mixail Timofeyev ilə görüşü keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov idman sahəsində Azərbaycan-Çin münasibətlərinin inkişaf tarixi və Çində stolüstü tennisin inkişafı üzrə dövlət proqramından danışıb. O, Prezident İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfəri zamanı Çin Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında imzalanmış sazişin ikitərəfli idman əməkdaşlığının genişləndirilməsi sahəsində əhəmiyyətini xüsusi vurğulayıb.
S.Mehdizadə Azərbaycan Stolüstü Tennis Federasiyasının fəaliyyəti və tərkibində çinli tennis ustalarının da olduğu milli komandanın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan söz açıb.
Daha sonra Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri, tələbələrin bu idman növünə cəlb edilməsi, Çin təcrübəsinin tətbiq edilməsi, eyni zamanda, ixtisaslı məşqçi heyətinin mübadiləsi, idman məsələləri üzrə birgə elmi seminarların, həmçinin birgə məşq və yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb.