ELM VƏ TƏHSİL
Dillər Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin birinci kurs tələbələri üçün təşkil olunan tədbirdə proqramın üstünlükləri və könüllülük fəlsəfəsi haqqında ətraflı məlumat verilib, bu təşəbbüsün gənclər üçün yaratdığı imkanlardan bəhs edilib.
Sonra altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində paytaxtda və regionlarda keçirilmiş təlimlər, seminarlar, yay məktəbləri, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videomateriallar nümayiş olunub.
Daha sonra “Bir” Tələbə-Könüllü Proqramının ADU-da təhsil alan fəal üzvləri qazandıqları təcrübədən danışıb, könüllülük həyatı barədə təəssüratlarını bölüşüblər. Həmçinin ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında könüllülərin vəzifələri, öhdəlikləri barədə məlumat veriblər.
Tədbir viktorina və müsabiqələrlə davam etdirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizdə həyata keçirilən bir sıra irimiqyaslı tədbirlərin keçirilməsində tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, gənclərin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb. Könüllüləri vahid məlumat bazasında birləşdirən proqram onların fəaliyyətlərinin yönləndirilməsinə kömək edir. Proqram tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə imkan yaradır.