ELM VƏ TƏHSİL
Dillər Universitetində Çinin müasir tarixinə həsr olunmuş elmi seminar təşkil olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin inqilabçı demokratı Sun Yatsenin anadan olmasının 150 illiyinə həsr olunan “Çində Sinxay inqilabı” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Sun Yatsenin siyasi fikirləri haqqında məlumat verib. O, eyni zamanda Sun Yatsenin Çin xalqının birliyində əvəzolunmaz rolundan bəhs edib.
Seminarda Çin xalqının azadlığı, həmçinin müstəqilliyi uğrunda siyasi fəaliyyət göstərən Sun Yatsenin müvəqqəti prezident vəzifəsində olduğu dövrdə Nankin hökumətinin fəaliyyəti, Sinxay inqilabının əsas mərhələləri və onun hərəkət qüvvələri barədə fikirlər səsləndirilib.
Sonda Çin Xalq Respublikasının quruluşunun tarixindən bəhs edən “Sonuncu imperiyanın süqutu” adlı film nümayiş olunub.