CƏMİYYƏT
Dillər Universitetində Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tələbələrə xidmət göstərir
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Dillər Universitetində (ADU) aksiya keçirib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı mərkəzin səyyar klinikasının həkim briqadası tələbə və müəllimlərin gözlərini diaqnostik müayinə edib, patoloji hal aşkarlanan şəxslər mərkəzə dəvət olunub.
Aksiyanın tələbələr üçün nəzərdə tutulduğunu deyən mərkəzin həkim–oftalmoloqu Sidiqə Əliyeva diqqətə çatdırıb ki, gözdəki bəzi problemlər gizlin xarakter daşıdığı üçün onun varlığından xəbərdar olmuruq. Aksiyanın keçirilməsinin məqsədi tələbələri dərs şəraitindən ayırmamaqla onlarda patoloji halların qarşısının vaxtında alınmasına kömək göstərməkdir.
Aksiya noyabrın 30-dək davam edəcək.