ELM VƏ TƏHSİL
Dillər Universitetində Respublika Günü münasibətilə tamaşa nümayiş olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) 28 May - Respublika Gününə həsr olunmuş ikihissəli tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr 1918-ci ildə müsəlman Şərqində ilk dəfə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən və ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əzmi və müdrik siyasəti ilə keçdiyi böyük inkişaf yolundan danışıblar.
Tədbirdə regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Qurban Qurbanovun ssenarisi əsasında hazırlanmış vətənpərvərlik mövzusunda tamaşa nümayiş olunub.
Daha sonra isə universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Musiqi klubunun təşkil etdiyi “The Voice of AUL” layihəsinin yekun mərhələsi keçirilib. Tanınmış müğənnilər Firuzə İbadova, Yaqut Babayeva və İntiqam Kərimovun münsifliyi ilə nəticələrə əsasən müvafiq yerlər bəlli olub. Müsabiqədə iştiraklarına görə üç tələbəyə həvəsləndirici mükafat, digər ilk üç yerin qaliblərinə isə diplomlar təqdim olunub.