CƏMİYYƏT
Dillər Universitetində seminar: “Azərbaycan və Çinin ekoloji siyasəti”
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş “Azərbaycan və Çinin ekoloji siyasəti” adlı elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində ekoloji mədəniyyətin formalaşma xüsusiyyətləri, eləcə də davamlı inkişafın təmin edilməsində onun rolu, bu ölkənin ekoloji siyasəti barədə danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi etdiyi IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji proqramların Azərbaycanın ətraf mühitinin qorunmasına böyük töhfə verdiyini bildirib.
Pekinin Mərkəzi İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Çjan Pin isə ölkəsində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin xüsusiyyətləri, ekosistemin mühafizəsinin əsas problemləri və müasir Çinin ekoloji siyasəti barədə seminar iştirakçılarına məlumat verib.
Sonra ADU-nun regionşünaslıq kafedrasının baş müəllimi Bədirə Kərimova və kafedranın müəllimi Xəyalə Ağayeva Azərbaycanda və Çində sənayenin qloballaşdırılması və modernləşdirilməsi prosesinin ekoloji vəziyyətə təsiri haqqında danışaraq hər iki ölkədə ekoloji problemlərin həllinin səmərəliliyinin müqayisəli təhlilini aparıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev ölkəmizdə ətraf mühitin mühafizəsi məsələlərinin tədqiqi tarixindən, landşaftların və onların mühafizəsinin əsas iqtisadi-coğrafi problemlərindən söz açıb.
Sonda müasir Çinin ekoloji problemləri haqqında sənədli film nümayiş olunub.