İQTİSADİYYAT
“Dilmanc” mobil tərcümə proqramının yeni versiyası hazırlanmışdır VİDEO
Bakı, 7 iyul (AZƏRTAC). Mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” tərcümə proqramının yeni versiyası istifadəyə verilmişdir.
“Dilmanc” qrupundan AZƏRTAC-a bildirmişlər ki, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılmasıdır. Bundan başqa, bəzi mobil telefonlarda proqramın işləməsi ilə bağlı çətinliklər aradan qaldırılmışdır.
Qeyd edək ki, “Dilmanc Translator” proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəklədiyi “Dilmanc” layihəsi çərçivəsində hazırlanır və ödənişsiz yayılır. Proqram istifadəyə verildiyi 6 ay ərzində böyük populyarlıq qazanmış və istifadəçilər tərəfindən 70 min dəfəyə yaxın köçürülmüşdür.
“Dilmanc Translator” hələlik yalnız “Android” platformasında işləyir. Hazırda proqramın “iOS” və “Windows Phone” platformaları üçün də versiyaları hazırlanır.