SİYASƏT


Dimitrios Asproulis: İnanıram ki, dünyada “Azərbaycanın Gənc Dostları” şəbəkəsini yarada bilərik

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) həyata keçirdiyi layihələrin vacib özəlliyi həmişə digər bir layihə üçün təməl rolunu oynamasıdır. “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi də belə layihələrdəndir.

İctimai Birlik 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. III Beynəlxalq multikulturalizm məktəbində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.

Birlik fəaliyyətə başladığı qısa müddət ərzində ətrafına onlarla gənci toplayaraq sıralarını genişləndirib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunurlar. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir üzvə kömək etməyi nəzərdə tutur. Birliyin internet saytı (www.youngfriends.az) da beynəlxalq gənclər auditoriyasının diqqətini cəlb etməkdədir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Birliyin fəaliyyəti ilə bağlı bildirib ki, Prezident İlham Əliyevin arzularından biri də Azərbaycanın gənc vətəndaşlarının xaricdə intellektual dostlarının sayının artmasıdır: “Prezidentin bu arzusunun reallaşması istiqamətində “Azərbaycanın Gənc Dostları Klubu”nun dəyərli töhfələr verəcəyinə son dərəcə böyük ümidlər bəsləyirik”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi silsilə şəklində Birliyin üzvlərinin fəaliyyətləri ilə bağlı müsahibə və açıqlamaları ictimaiyyətə çatdırmağı planlaşdırır. Layihə çərçivəsində ilk müsahibə Birliyin həmtəsisçisi Dimitrios Asproulisdən götürülüb.

Dimitrios Asproulis deyib: “III Beynəlxalq multikulturalizm məktəbinin ekskursiyalarla mühazirələrin balanslaşmış ahəngi əsasında tərtib olunan proqramı mənə müəyyən mövzularda biliklərimi genişləndirməklə yanaşı, həm də yerli həyat tərzi ilə əyani tanış olmaq imkanı verdi. Bir arada sülh içində yaşayan və əməkdaşlıq edən, hər hansı formada radikalizmdən uzaq fərqli dini və milli mənsubiyyətin daşıyıcıları olan insanları görmək çox ruhlandırıcıdır. Bu, digər multikultural cəmiyyətlər üçün bir örnək ola bilər. Azərbaycanda qaldığımız müddətdə ölkənin müasir görünüşü diqqətimizi çəkdi və üstəlik, şahid olduq ki, yerli sakinlərin multikulturalizm mesajının, tolerantlığın, dostluğun, əməkdaşlığın və inkişafın təşviqı istənilən bir cəmiyyətin rifahının təməlidir.

III Beynəlxalq multikulturalizm məktəbində Azərbaycan haqqında eksponensial sürəti ilə öyrənməyimiz və bu effektiv multikulturalizm modeli ilə tanış olmağımız üçün konstruktiv şərait yaradılmışdı. Məsələn, xaricdə Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimlərin təqdimatında mühazirəni çox bəyəndim, çünki həmin mühazirə Azərbaycanın keçmiş və müasir multikultural vəziyyətinin maraqlı icmalını əhatə edirdi.

Yay məktəbi çərçivəsində molokanlarla, udinlərlə, dağ yəhudiləri ilə görüşlər, onların yaşam tərzi ilə əyani tanışlıq, xüsusi təşkil olunmuş mədəniyyət axşamlarında xarici və yerli tələbələr tərəfindən öz ölkələrinin təqdimatları və dil baryerinə baxmayaraq insanların musiqi, rəqs və hətta milli mətbəxləri vasitəsilə səmimi ünsiyyəti çox xoş və unudulmaz idi. Bu, doğrudan da çox böyük bir təcrübə idi və mən onu hər kəsə tövsiyə edirəm.

Yay məktəbi ərzində Azərbaycanı araşdırmaq və xeyli sayda maraqlı insanla tanış olmaq fürsəti yaradıldığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət müşaviri Kamal Abdullayevə və digər təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.

Gələcəkdə Azərbaycanın multikulturalizm modeli və bu ölkə daxilində müxtəlif etnik mədəniyyətlərin təmsili yolları, həmçinin Azərbaycanın qonşu ölkələrlə yanaşı, həm də Avropa İttifaqı, digər beynəlxalq tərəfdaşlar və təşkilatlarla qurduğu beynəlxalq münasibətlər haqqında biliklərimi genişləndirmək arzusundayam.

Universitetdə artıq tələbə dostlarıma və professorlara Azərbaycan haqqında bəhs etmişəm. Yay məktəbindən sonra doğma kəndimdə ikən yerlilərə səfər təəssüratlarımı danışanda onlar Azərbaycanın bu cür müasir, tolerant və multikultural ölkə olduğunu heç təsəvvürlərinə gətirə bilmirdilər və bəziləri hətta bundan sonra Azərbaycana səyahət etməyi düşündüklərini bildiriblər.

“Azərbaycanın Gənc Dostları Klubu”nun Salomeya Lukaite ilə yanaşı, ilk sədrlərindən biri seçildiyimə görə qürur duyuram. Klubun bütün iştirakçılarının təkliflərini koordinasiya edib xarici tələbələr arasında müxtəlif tədbirlər vasitəsilə təbliğat aparmağı düşünürük. İnanıram ki, biz dünyada “Azərbaycanın Gənc Dostları” şəbəkəsini yarada bilərik. Həmin şəbəkə vasitəsilə bir tərəfdən Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırar, digər tərəfdən təcrübəmizi, Azərbaycanda həyat tərzi olan multikulturalizmi, millətlərarası əməkdaşlığı və dostluğu bölüşə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.