REGİONLAR
Səfir Dimitrios Tsoungas: Gəncədə gördüklərim məni heyran etdi
Gəncə, 6 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi bizə bu gözəl şəhərə bir daha səfər etmək imkanı yaratdı. Buraya hər dəfə səfər edəndə, yenidən bu şəhərə gəlmək haqqında düşünürəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində iştirak etmək üçün Gəncəyə gələn Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsoungas deyib.
“Bu, mənim Gəncəyə ikinci səfərimdir. Gəncədə gördüklərim, sözün həqiqi mənasında, məni heyran etdi. Xüsusilə gözəl memarlıq abidəsi olan Məhsəti Gəncəvi Mərkəzi çox xoşuma gəldi” – deyə səfir vurğulayıb.
2014-cü ildə Yunanıstanın Soloniki şəhərinin də Avropa Gənclər Paytaxtı tituluna layiq görüldüyünü xatırladan Dimitrios Tsoungas bir il ərzində Gəncəyə gələn hər qonağın öz Vətəninə zəngin təəssüratlarla dönəcəyinə əminliyini bildirib.