MƏDƏNİYYƏT


Dina Tumarkina: Yenidən doğma teatrın səhnəsindəyəm

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 2-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Dina Tumarkina ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbir “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası ilə birlikdə təşkil edilib.

D.Tumarkina 1990-cı illərin əvvəlində İsrailə köçüb və orada peşə fəaliyyətini davam etdirib. Hazırda o, “Azİz” ilə əməkdaşlıq edir.

Səhnədə çıxış edən aktrisa qonaqları salamlayıb və xatirələrini bölüşüb. O deyib: “Bu gün məni xatırlayan hər kəsə təşəkkür edirəm. Qırx ildən çox çıxış etdiyim səhnədə mən çox gözəl aktyorların, rejissorların – Məhərrəm Haşımovun, Pyotr Jarikovun, Konstantin Myakişevin, Kseniya Babiçevanın, Mehdi Məmmədovun, Pyotr Yudinin səslərini eşitmişəm. Həyat mənə çox gözəl həmkarlar bəxş edib. Onların hər biri barəsində ayrıca danışmaq istəyirəm. Bu səhnədə olan insanların istedadı indiki nəslin gözəl aktyorlarında davam edir. Teatrımızın ənənələrini davam etdirmək böyük səadətdir”.

Aktrisa qeyd edib ki, Rəşid Behbudovla bir səhnəni bölüşüb, Müslüm Maqomayevin konsertlərinin aparıcısı olub. O, Azərbaycan ilə, doğma teatrla görüş sevincini ona bəxş etmiş Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib.

Gecə ərzində müxtəlif ölkələrdən aktrisaya ünvanlanmış teleqramlar oxunub. Qonaqlar D.Tumarkinaya hədiyyələr təqdim ediblər və aktrisanın istedadına ehtiramın əlaməti olaraq onu çiçəklərə qərq ediblər.

Görüşün sonunda Xalq Artisti tamaşaçıların suallarına cavab verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.