CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlaxda seminar-treninq keçirib
Bakı, 28 avqust, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Yevlax, Ucar və Şamaxı bölgəsi üzrə şöbələrinin əməkdaşları üçün Yevlax şəhərində seminar-treninq keçirib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd komitənin ştat vahidinin artması və yeni əməkdaşların cəlb olunması ilə əlaqədar bölgə şöbələrinin fəaliyyətində səmərəliliyin artırılması, dövlət-din münasibətləri sahəsində strateji hədəflər istiqamətində məlumatlılığın təmin edilməsidir.
Seminar-treninqdə DQİDK-nın ümumi iş prinsipi, qarşıya qoyulmuş strateji hədəflər barədə geniş məlumat verilib, bölgələrdəki dini durumun özünəməxsus xüsusiyyətlərindən danışılıb. Həmçinin iştirakçılar bölgə şöbələrinin fəaliyyət istiqamətləri, dövlət qulluqçusunun etik davranış qaydaları, kargüzarlıq işinin təşkili, arayış və hesabatların hazırlanması metodologiyası və digər məsələlər haqqında məlumatlandırılıb.
Sonda suallar cavablandırılıb.