CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan altı mağazada monitorinq keçirib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqin məqsədi dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanmasıyla bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarətdir.
Həyata keçirilən reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat, dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.