CƏMİYYƏT


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ilin 6 ayının yekunları təhlil edilib

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarə rəisi Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı iclasda çıxış edərək diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına cəlb edib. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan multikultural və tolerant dəyərlərimizin təbliğinə dövlət qayğısının müntəzəm diqqət mərkəzində saxlanıldığını qeyd edən Komitə sədri bildirib ki, cari ilin 6 ayı ərzində ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına müvafiq olaraq bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilib.

İclasda hesabat məruzəsi ilə çıxış edən M.Qurbanlı deyib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq milli və dövlətçilik maraqlarının qorunması yolunda fəaliyyətini davam etdirib. Dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib. Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2016-cı ilin 6 ayı ərzində Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər təşkil olunub. Tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib. Ötən dövrdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 40 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Bildirilib ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, 26 dini qurum dövlət qeydiyyatına alınıb və beləliklə, qeydiyyata alınmış dini qurumların ümumi sayı 707-ə çatıb.

Dövlət Komitəsinin sədri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə diqqət çəkərək cari ilin 6 ayı ərzində Komitə tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmə qarşı mübarizədə maarifləndirici xarakterli 9 adda kitabın nəşrə hazırlandığını iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, Dövlət Komitəsinin Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Tədbirlər Planı imzalanıb və 6 ay ərzində icra olunub. Dövlət Komitəsi ilə digər dövlət strukturları arasında ümumilikdə 330-a yaxın, o cümlədən “Multikulturalizm ili” çərçivəsində 100-ə qədər tədbir təşkil edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini radikalizm və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filmi ölkənin bütün regionlarında nümayiş etdirilib.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 2014-cü il 27 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində intensiv tədbirlər görülüb. Ölkənin bütün bölgələrini əhatə edən 121 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 370-ə çatan tədbirlərdə 30 minə yaxın insanın iştirakı təmin olunub. Cari ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə 1250 məktub, 622 qanunvericilik sənədi daxil olub və onların 95 faizi icra edilib, digərləri icra prosesindədir.

Sonra Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov hesabat məruzəsi ilə çıxış edərək cari ilin 6 ayı ərzində DQİDK tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə toxunub. Bildirib ki, son illərdə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazası təkmilləşdirilib, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmaqla əhali arasında genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər keçirilməkdədir.

Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxış edərək Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, Komitənin keçirdiyi monitorinqlərdən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib. Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb. Ramazan ayı boyunca müvafiq tədbirlərin keçirilməsi üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkəmizdəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri “Multikulturalizm ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən həyata keçirilən birgə tədbirlərin önəmini vurğulayıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir.

İclasda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Dövlət Komitəsinin hesabat dövründə gördüyü işlər qənaətbəxş hesab edilib.

Hesabat yığıncağında Dövlət Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş 8 əməkdaşına medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.